İQTİSADİYYAT


Gömrük Əməkdaşlıq Komitəsinin 19-cu iclası olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində videokonfrans formatında Gömrük Əməkdaşlıq Komitəsinin 19-cu iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan gömrük xidmətlərinin nümayəndələri, Asiya İnkişaf Bankı, “CAREC” İnstitutu, “CAREC” katibliyi, o cümlədən Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Yol Nəqliyyat Birliyi, “Global Express” Assosiasiyası, Beynəlxalq Ticarət Mərkəzinin ekspertləri iştirak ediblər.

Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov iclasda DGK-nın həyata keçirdiyi layihələrdən danışıb, “Yaşıl dəhliz” buraxılış sisteminin əhəmiyyəti, elektron xidmətlərin inkişafı və digər yeniliklər barədə məlumat verib. O qeyd edib ki, bu gün ölkəmizdə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məsələləri tam avtomatlaşdırılıb, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi əhəmiyyət kəsb edən xidmətlər tam kağızsız texnologiyalar əsasında qurulub. Tranzit prosedurlarının elektronlaşmasının ölkənin tranzit potensialının artmasında xüsusi rol oynadığını, gömrük orqanlarının bu sahədə aktiv fəaliyyət göstərdiyini vurğulayan DGK sədrinin müavini bildirib ki, tranzit prosedurlarının elektronlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) layihəsidir ki, bu da tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, Vahid İnzibati Sənədləşmənin (SAD) tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaradacaq. Bu sistemin tətbiqi, həmçinin ixracın təşviqi istiqamətində Azərbaycanda istehsal olunan “Made in Azerbaijan” brendli malların NCTS üzvü olan Avropa ölkələrinin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması prosesində olduqca əlverişli şəraiti təmin edəcək.

İclas zamanı C.Qasımov, həmçinin koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması və törədəcəyi fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar və göstərişlər çərçivəsində gömrük xidməti tərəfindən görülən aidiyyəti tədbirlər haqqında da məlumat verib. Qeyd edilib ki, ilkin olaraq gömrük əməkdaşlarının fəaliyyət göstərdiyi, vətəndaşların və nəqliyyat vasitələrinin keçdiyi ərazilər, eləcə də yoluxma riski olan digər yerlər mütəmadi dezinfeksiya olunaraq, yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb. Gömrük-sərhəd keçid məntəqələrində sanitariya nəzarətinin gücləndirilməsi məqsədilə DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən “Koronavirus pandemiyası zamanı gömrük işçilərinin sanitar–gigiyenik davranışları üzrə Metodiki Tövsiyə” hazırlanaraq əməkdaşların istifadəsinə verilib.

Qeyd edək ki, 4 sessiyadan ibarət iclasda bütün ölkələrin təmsilçiləri mövcud vəziyyəti təhlil ediblər. Sessiyalarda əsasən “Koronavirus pandemiyası müddətində və sonrasında ticarətin asanlaşdırılmasının əhəmiyyəti, gömrük orqanlarının rolu”, “Gömrük qanunvericiliyinə, qaydalarına dair islahatlar və koronavirus pandemiyasına qarşı həyata keçirilmiş müvəqqəti tədbirlər”, “Gömrük Əməkdaşlıq Komitəsinin iş planı üçün qısa və orta müddətli məsələlər üzrə təkliflər”, sentyabrın 3-də “Elektron və kağızsız ticarət” mövzusunda keçirilmiş vebinarın nəticələri və digər mövzular müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.