REGİONLAR


Goranboy rayonunda yem emalı müəssisələri istifadəyə verilib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyəti sədrinin müavini Nadir Adilov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən islahatlar və dəstək mexanizmləri barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkədə kiçik və orta biznesin inkişafına dəstək məqsədilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "KOB Dostu", "KOB Evi" kimi dəstək mexanizmləri vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərir. Regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə kiçik və orta biznesin inkişafında, məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdir.

Məlumat verilib ki, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində tikilmiş yem emalı müəssisələrində istehsal sahəsi yaradılıb və anbar inşa olunub. Müəssisələrdə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

İqtisadiyyat Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Emil Qasımov bu cür layihələrin aqrar sektorun, sahibkarlığın inkişafında önəmini vurğulayıb.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov yeni yaradılan yem emalı müəssisələrinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin rəhbəri Cey Singh çıxışında reallaşdırılan birgə layihələrin əhəmiyyətindən danışıb, bu layihələrin regionların inkişafına töhfə verdiyini qeyd edib.

Kənd sakinləri göstərilən diqqət və qayğıya, rayonda həyata keçirilən layihələrə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.