MƏDƏNİYYƏT
Görkəmli Azərbaycan şairi Əli Kərimin xatirə gecəsi keçirilib
Bakı, 27 yanvar, Emil Məlikov, AZƏRTAC
Yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin azərbaycanca, Türkiyə türkcəsində və rusca çıxmış kitablarının təqdimat mərasimi və xatirə gecəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva XX əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən bəhs edib. Vurğulayıb ki, Əli Kərimin yaradıcılığını hər zaman sevdirən onun müasir dünyagörüşüdür: "Əli Kərim Azərbaycan şeirinin miqyasını, hüdudlarını genişləndirən poeziya dühalarındandır".
Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən işlərin önəmindən danışan deputat qeyd edib ki, Əli Kərimin poeziya yaradıcılığı bundan sonra da Azərbaycanda sevilərək oxunacaq.
Daha sonra mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Əli Kərim yaradıcılığından danışaraq, belə ədəbiyyat nümayəndələrinin unudulmayaraq daim qəlblərdə yaşadığını qeyd edib: "Əli Kərim böyük və əhatəli bir şairdir. Onun yaradıcılığı ürəyə yatımlıdır, məzmunludur, dolğundur. Onun dillər əzbərinə çevrilmiş şeirləri çox sevilir və həmişə də ürəklərdə yaşayacaq. Davamlı olaraq belə təqdimatların keçirilməsi özlüyündə Azərbaycan ədəbiyyatının təbliği deməkdir".
AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, filologiya elmləri doktoru, ədəbiyyatşünas Vaqif Yusifli, BAMF prezidenti Umud Rəhimoğlu və Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı şairin yaradıcılığından söhbət açıb, onun Azərbaycan poeziyası, ədəbiyyatı naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, şairin “İki sevgi”, “Həmişə səfərdə”, “Qızıl qanad”, “Qaytar ana borcunu”, “Seçilmiş əsərləri”, “Qayıt” və başqa kitabları bu gün də oxucuların stolüstü vəsaitidir.
Sonra şairin oğlu Paşa Əlioğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, atası ilə bağlı xatirələrini danışıb.
Tədbirin bədii hissəsində Əməkdar artist Ağalar Bayramov və Nadir Hüseynov şairin poeziyasından şeirlər səsləndiriblər.