ELM VƏ TƏHSİL
Görkəmli alim Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli dilçi alim, professor, ictimai xadim, türkoloq, Əməkdar elm xadimi Afad Qurbanovun 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilib.
Foyedə alimin elmi fəaliyyətini əks etdirən sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Afad Qurbanovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirilib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, bütün dövrlərdə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən Afad Qurbanov dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməyib.
Akademik Akif Əlizadə dilçi alimin AMEA-nın inkişafı tarixində müstəsna xidmətləri olduğunu qeyd edərək, onun 40 ilə yaxın müddət ərzində bu elm müəssisəsi üçün mühüm işlər gördüyünü, bir çox komissiya və müdafiə şuralarının üzvü və ya sədri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Afad Qurbanov Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkologiyanın inkişafına töhfələr verib. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində mühüm dərs vəsaiti olaraq istifadə edilir.
Təhsil nazirinin müavini İdris İsayev görkəmli alim Afad Qurbanovun Azərbaycan elm və təhsilinin inkişafındakı rolundan bəhs edib. O, alimin Azərbaycan Dövlət Pedaqoji Universitetində səmərəli xidmətlərindən danışıb. Bildirib ki, Afad Qurbanov tələbəlikdən rektorluğa qədər 60 ilə yaxın müddətdə bu təhsil müəssisəsi üçün əvəzsiz işlər görüb.
Qeyd olunub ki, Afad Qurbanov 1962-ci ildə “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi, “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası” kimi sanballı monoqrafiyaları nəşr olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib.
Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin konfrans iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Afad Qurbanovun təhsil təşkilatçılığı”, Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin “Afad Qurbanov və ortaq türk dili”, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Afad Qurbanov və onomastika elmi məktəbi”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Afad Qurbanov və dilçilik elminin inkişafı”, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixdə Afad Qurbanov (Qaraqurbanlılar) şəcərəsi”, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov “Afad Qurbanov və ümumi dilçilik”, Türk Dil Qurumunun sabiq rəhbəri, professor Şükrü Halük Akalın “Afad Qurbanov və müasir Azərbaycan əlifbası” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Afad Qurbanovun əsərlərinin əhəmiyyətindən bəhs edilib, onun yüksək intellektə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğu vurğulanıb.
Sonra “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva Afad Qurbanovun yubileyi münasibətilə hazırlanmış poçt markasını təqdim edib. Tədbirdə görkəmli alimin Xatirə kitabı və 13 cildlik seçilmiş əsərləri təqdim olunub. Afad Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.