REGİONLAR
Göyçayda şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anım mərasimi keçirilib VİDEO
Göyçay, 17 iyul, AZƏRTAC
Göyçayda Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Vidadi Xəlilovun doğum günü ilə əlaqədar rayondakı Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub. Mərasimdə rayon rəsmiləri, “N” sayılı hərbi hissənin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə şəhər parkının giriş hissəsində yerləşən monitorda Vidadi Xəlilova həsir olunan videoçarxa baxıblar. Şəhidlər xiyabanında polkovnik-leytenant Vidadi Xəlilovun məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb. Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı çıxış edərək 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıb.
Çıxışlarda şəhid polkovnik-leytenantın mənalı həyat yolundan xatirələr söylənilib. 1982-ci il iyulun 16-da Göyçayda anadan olan Vidadi Xəlilov Azərbaycan Silahlı Qüvvələrində polkovnik-leytenant rütbəsinədək yüksəlib. Vətən müharibəsində gedən qızğın döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid V.Xəlilov iki övlad - bir oğlan, bir qız atası idi.
Mərasimdə şəhidin anası Əminə Xəlilova oğluna, cəmi şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.