İDMAN
Güllə atıcılığı üzrə paralimpiyaçıların ikinci açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 2 sentyabr (AZƏRTAC). Milli Paralimpiya Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Maneəsiz həyat” layihəsi çərçivəsində güllə atıcılığı üzrə paralimpiyaçıların ikinci açıq Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan yarışda həm paralimpiyaçı, həm də olimpiyaçı idmançılar öz güclərini sınayıblar.
Ümumilikdə 30 idmançının qatıldığı yarışda qadınlar arasında İradə Haşımova 377 xalla birinci, paralimpiyaçı Yelena Taranova 373 xalla ikinci, Ziba Mehtiyeva 371 xalla üçüncü olublar.
Kişilərin mübarizəsində paralimpiyaçı Kamran Zeynalov 571 xalla qızıl, onun komanda yoldaşı Əkbər Muradov 559 xalla gümüş, Zakir Beytulov isə 556 xalla bürünc medal qazanıblar.
Qaliblərə diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.