DÜNYA
Gürcüstan Prezidenti “Kartu” bankdan götürdüyü krediti tam ödəyib
Tbilisi, 9 yanvar, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili “Kartu” bankdan götürdü 1 milyon lari həcmində krediti ödəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, S.Zurabişvili bu krediti 2018-ci ilin oktyabrında prezident seçkiləri öncəsi götürmüşdü. Eyni zamanda bildirilir ki, dövlət büdcəsindən Salome Zurabişvilinin hesabına bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb. Bu məlumatı isə Gürcüstanın Mərkəzi Seçki Komissiyası yayıb. Məbləğ S.Zurabişvilinin prezident seçkiləri zamanı xərclədiyi vəsaitlərin ödənilməsi məqsədi ilə verilib.
Prezidentlə yanaşı, seçkilərdə 10 faizədək səs toplayan müxalif Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeyə də eyni məbləğdə vəsait təqdim olunub.
Qeyd edək ki, Gürcüstanda 2018-ci il noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunda S.Zurabişvili 59,52 faiz, Q.Vaşadze 40,48 faiz səs toplayıb.
Seçkilərin birinci turunda iştirak etmiş D.Bakradze isə 10,99 faiz səs qazanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi