DÜNYA
Gürcüstan və Böyük Britaniya kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar
Tbilisi, 8 noyabr, AZƏRTAC
Gürcüstan kibercinayətkarlığa qarşı mübarizə sahəsində Böyük Britaniya ilə birgə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dankan noyabrın 8-də Tbilisidə memorandum imzalayıblar.
D.Zalkaliani jurnalistlərə açıqlamasında deyib ki, sənəddə kibercinayətkarlığa qarşı birgə mübarizə sahəsində əməkdaşlıq, fəaliyyətlərin koordinasiyası və s. məsələlər nəzərdə tutulub. Nazirin sözlərinə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ticari sahələrdə əlaqələrin daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Həmçinin Cənubi Qafqaz bölgəsində əməkdaşlıq, regional təhlükəsizlik, mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb, kibercinayətkarlığa qarşı birgə mübarizənin region üçün əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Böyük Britaniya son 10 ildə Gürcüstana müdafiə və təhlükəsizlik, eləcə də NATO-ya inteqrasiya, xüsusən də silahlı qüvvələrin modernləşdirilməsi sahəsində böyük kömək göstərib.
Keçən ilin oktyabrında Gürcüstanın və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi