SİYASƏT
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası erməni vandalizmi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib
Tbilisi, 31 oktyabr, AZƏRTAC
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası ermənilərin Azərbaycanın Bərdə şəhərini raket atəşinə tutması nəticəsində xeyli sayda insan ölümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə AZƏRTAC-a şuranın sədri hacı İsaq Novruzov məlumat verib.
Onun sözlərinə görə, müraciətin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bir daha erməni vandalizminə, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan dövlətinin işğalçılıq siyasətinə, beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozmasına və bunu təkcə regionda deyil bütün dünyada təhlükəsizliyə təhdid olmasına yönəltmək, beynəlxalq ictimaiyyəti erməni vandalizmini pisləməyə və dayandırmağa çağırmaqdır.
Müraciətdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı siyasəti, terror aktları, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkün düşdüyü, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların bununla bağlı qəbul etdiyi qərar və qətnamələri, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından qorxuya düşən düşmənin dinc əhalini ballistik raketlərdən atəşə tutması nəticəsində uşaq, qoca və qadınların, dinc insanların qətlə yetirildiyi əksini tapıb.
İngilis, rus və gürcü dillərində hazırlanan müraciət Gürcüstandakı aidiyyəti qurumlara təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi