QAN YADDAŞI
Gürcüstanın Dmanisi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tbilisi, 15 yanvar, AZƏRTAC
Gürcüstanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan silsilə anım tədbirlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı tədbirlər planına əsasən ilk anım mərasimi Dmanisi rayonunda keçirilib.
Tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycan xalqının müstəqillik uğurundakı mübarizəsindən, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilmiş qanlı hadisələrin səbəbləri və nəticələrindən danışıb. Bildirib ki, Qanlı Yanvar faciəsi xalqımızın azadlıq arzusunu boğma yönəlmiş addımlar idi. Lakin imperiya qüvvələri buna nail ola bilmədi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük cəsarət göstərərək faciədən dərhal sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid edib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilib.
Diplomat deyib ki, qanlı hadisələrdən 30 il ötməsinə baxmayaraq, faciənin acısı hələ də Azərbaycan xalqının qəlbində yaşayır. Xalqımız dövlət müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutur. Onların xatirəsi yalnız Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların yaddaşında yaşayıb və bundan sonra da yaşayacaq.
Bakıda törədilmiş dəhşətli qırğından sonra Gürcüstanda yaşayan soydaşlarımızın gürcü qardaşları ilə birgə Azərbaycana yardım əllərini uzatdıqlarını vurğulayan səfir xalqlarımızın müstəqillik yolunda oxşar faciələr yaşadığını qeyd edib, 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş eyni qanlı hadisələr barədə danışıb. O, 1990-cı ildə Azərbaycanda törədilmiş qırğının daha genişmiqyaslı olduğunu deyib.
Diplomat 20 Yanvar şəhidləri arasında əslən Gürcüstandan olan altı azərbaycanlının da olduğunu xatırladıb: “Bütün şəhidlərimizin ruhu bizim üçün əzizdir. Onlar öz adlarını Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıblar”.
Daha sonra Qanlı Yanvara həsr olunan videoçarx və fotoşəkillər nümayiş etdirilib.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, professor Mahmud Kamaloğlu və başqaları çıxış edərək 20 Yanvar faciəsinin yaxın tarixin ən qanlı səhifələrindən biri olduğunu bildiriblər. M.Kamaloğlu 20 Yanvarda şəhid olan və əslən Gürcüstandan olan azərbaycanlılar haqqında tədbir iştirakçılarına məlumat verib.
Mərasimin sonunda şəhidlərin ruhuna ehsan verilib, dualar oxunub.
Qeyd edək ki, bu cür tədbirlər Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Kaspi, Qaraçöp, Telavi, Qardabani, Marneuli bölgələrində və paytaxt Tbilisidə də keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi