REGİONLAR
Gürcüstanla həmsərhəd rayonlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri başa çatdırılıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması barədə Dünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatından sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatit xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib. Vaksin lazımi temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatit xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vaksinlər sahə baytarlıq məntəqələrinə paylanıb və peyvəndləmə tədbiri “soyuq zəncir” prinsipinə uyğun aparılıb. Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həyata keçirilib. Artıq Gürcüstanla həmsərhəd olan rayonlarda və heyvanların kütləvi satışı həyata keçirilən Bərdədə peyvəndləmə tədbiri yekunlaşıb.
Bu ilin ötən 8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2455071 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.
Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.