İQTİSADİYYAT
“HAFI Engineering & Consulting Gebellschaft” Azərbaycanda özünə tərəfdaşlar tapıb
Bakı, 4 iyun, Sevda Cəfərova, AZƏRTAC
Avstriyanın “HAFI Engineering & Consulting Gebellschaft” şirkəti Azərbaycanda özünə tərəfdaşlar tapıb. Onlar şirkətin məhsullarını Azərbaycan bazarında təşviq etməyə hazırdırlar.
Bu sözləri Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər neft və qaz” sərgisində iştirak edən “HAFI Engineering & Consulting Gebellschaft” şirkətinin Azərbaycandakı nümayəndəsi Fidan Aslanzadə AZƏRTAC-a müsahibəsində deyib.
Şirkətin 5 ildir ki, “Xəzər neft və qaz” sərgisində iştirak etdiyini söyləyən F.Aslanzadə, ziyarətçilərin qabaqcıl qaz emalı texnologiyalarına olan marağının artmasını sevindirici hal adlandırıb. “Əgər əvvəllər insanlar qiymət təklifləri ilə maraqlanırdılarsa, artıq indi əsas diqqət keyfiyyətə yönəldilir”, - deyə şirkət nümayəndəsi bildirib.
F.Aslanzadə şirkət haqqında məlumat verərək bildirib ki, “HAFI Engineering & Consulting Gebellschaft” şirkətlər qrupu Avstriyada yerləşir. “HAFI” şirkəti yüksək keyfiyyətli məhsullar - hava kompressorları və havavuranlar, soyuducu texnika, texnoloji qazlar üçün kompressorlar, təmizləmə qurğuları və digər avadanlıqlar istehsal edir.
“Hazırda “HAFI” şirkətinin geniş nümayəndəliklər və törəmə şirkətlər şəbəkəsi Şərqi Avropa ölkələrində (Slovakiya, Rumıniya, Polşa) fəaliyyət göstərir. Ümumilikdə, şirkətin çoxsaylı layihələri Avropa İttifaqı ərazisində reallaşdırılıb. “Şirkətin əsas biznes fəaliyyəti Rusiyada cəmləşib və biz burada “RussNeft”, “TNK-BP” və digər biznes nəhəngləri ilə əməkdaşlıq edirik. Biz Rusiyada qazın qurudulması və boruya ilk axının buraxılması ilə Şimal axını (Nord Stream) layihəsinin reallaşdırılmasında, eləcə də Sankt-Peterburq şəhərində yeraltı qaz anbarının tikintisində iştirak etmişik”, – deyə F. Aslanzadə söyləyib.