SİYASƏT
“HEYDƏR ƏLİYEV VƏ ONUN AZƏRBAYCANI” KİTABI PAKİSTANDA URDU DİLİNDƏ NƏŞR OLUNMUŞDUR
Mayın 10-da ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyində Azərbaycan Prezidenti Heydər Əliyevin anadan olmasının 80 illiyi ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə səfirlik tərəfindən urdu dilində nəşr edilmiş “Heydər Əliyev və onun Azərbaycanı” kitabının rəsmi təqdimatı olmuşdur. Azərbaycan səfirliyi və Pakistan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunmuş mərasimdə İslamabaddakı xarici ölkə səfirliklərinin, şəhər ictimaiyyətinin nümayəndələri, deputatlar, yerli və xarici jurnalistlər iştirak etmişlər.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, mərasimdə səfir Eynulla Mədətli Azərbaycan Prezidenti Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, xüsusilə Azərbaycan-Pakistan əlaqələrinin inkişafına göstərdiyi yüksək diqqətdən danışmışdır. Türkiyənin Pakistandakı səfiri Həsən Kamal Gur Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin tarixi rolundan söz açmış, ölkəmizin başçısını nəinki türk dünyasına, eləcə də bütün dünyaya məxsus şöhrətli siyasətçi adlandırmışdır.
“Heydər Əliyev və onun Azərbaycanı” kitabının tərcüməçisi doktor Ziyaullah Xan nəşrin qısa məzmunu ilə iştirakçıları tanış etmişdir.
Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti səfir Xalid Mahmud, cəmiyyətin baş katibi Zəfər Bəxtəvərli kitabın Azərbaycan-Pakistan münasibətlərinə qiymətli töhfə olduğunu vurğulamışlar.
Mərasimin ali qonağı Pakistan Millət Partiyasının və iqtidarı dəstəkləyən Milli Alyansın baş katibi, senator Məhəmməd Əli Durrani Prezident Heydər Əliyevin nəinki islam aləmində, eləcə də bütün dünyada tanınmış və dərin hörmət qazanmış dövlət xadimi olduğunu söyləmişdir. Natiq demişdir ki, Heydər Əliyevin 1996-cı ildə Pakistan İslam Respublikasına rəsmi səfərinin ölkələrimizin qarşılıqlı münasibətlərinin inkişafında tarixi rolu olmuşdur. Həmin səfər zamanı dövlətlərarası münasibətlərə dair bir sıra mühüm sənədlər imzalanmışdır. Senator mənsub olduğu partiyanın və alyansın prezidenti, Pakistan İslam Respublikasının sabiq prezidenti, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin ali hamisi Faruk Əhməd Xan Leqarinin səmimi salamlarını və 80 illik yubiley ilə əlaqədar xoş arzularını ölkəmizin başçısı Heydər Əliyevə yetirməyi Azərbaycan səfirindən xahiş etmişdir. O, vurğulamışdır ki, Prezident Heydər Əliyevin siyasi bioqrafiyası, onun şəxsiyyəti və Vətənə xidmət təcrübəsi Pakistanda yüksək qiymətləndirilir.
Təqdimat mərasimindən sonra səfirlikdə qonaqlara qəbul düzəldilmiş, bütün iştirakçılara “Heydər Əliyev və onun Azərbaycanı” kitabı təqdim edilmişdir.