CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir top mərmisi aşkarlanıb
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da saat 12:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 13:01-də Daxili İşlər Nazirliyinin 102-Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və şəhər polis idarəsinin 2-ci Polis bölməsinin əməkdaşları qeyd olunmuş ərazidə yol kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (3OF-26) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.