DÜNYA
Hamburqda nümayişçilər polisə Molotov kokteyli atıblar
Bakı, 7 iyul, AZƏRTAC
Hamburqun Altona rayonunda aksiya keçirən radikallar polislərə Molotov kokteyli atıblar. Bu barədə şəhərin hüquq mühafizə orqanları məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən 350 nəfərə yaxın nümayiş iştirakçısı polisin mühafizə halqasını yararaq G20 sammitinin keçildiyi ərazi ətrafında təşkil olunan təhlükəsizlik zonasına girməyə çalışıb. Polis isə öz növbəsində onlara qarşı dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Hazırda nümayişçilər şəhərin mərkəzində bir neçə istiqamətdə mağazaların vitrinlərini sındırır, avtomobilləri yandırır, yollarda barrikadalar qurmağa cəhd göstərirlər.
Xatırladaq ki, Hamburqda artıq ikinci gündür ki, antiqlobalçıların kütləvi etiraz aksiyaları keçirilir. Nümayişlərdə on minlərlə insan iştirak edir. Baş verən toqquşmalarda 100-dən çox polis əməkdaşının xəsarət aldığı bildirilir.