MƏDƏNİYYƏT
Havana telekanalında Azərbaycanın Novruz ənənələrindən danışılıb VİDEO
Bakı, 22 mart, AZƏRTAC
Kubanın Havana televiziya kanalında Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və Novruz bayramına həsr edilmiş veriliş nümayiş olunub.
Azərbaycanın Kubadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, veriliş zamanı ölkəmizin zəngin təbiəti və turizm imkanlarından, xalqımızın adət-ənənələrindən geniş bəhs edilib. Bildirilib ki, dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz mədəni sərvəti və abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə qürur duyulası tarixə malikdir. Qeyd edilib ki, azərbaycanlıların fərqli həyat tərzi, estetik zövqü və milli özünəməxsusluğu xalq musiqisi və folklorunda aydın şəkildə əks olunur.
Veriliş zamanı Azərbaycanda qədim dövrlərdən indiyədək mövcud olan xalçaçılıq, zərgərlik, miskarlıq və sair sənətkarlıq nümunələrindən, tarixi memarlıq abidələrindən bəhs edilib. Xalq musiqimizdən danışarkən, min illərlə yaşı olan Azərbaycan folklorunda mühüm yer tutan muğam musiqisi haqda söz açılıb.
Həmçinin Azərbaycanda böyük sevgi ilə qeyd edilən Novruz bayramı və xalqımızın bu bayramla əlaqədar milli ənənələrindən ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycanda özünəməxsus fəlsəfəsi olan Novruz bayramı xalqımızın qeyri-maddi mədəni irsi kimi sülhsevərlik mədəniyyətini təbliğ edərək, bərabərlik və qardaşlıq rəmzinə çevrilib.
Eyni zamanda, verilişdə Azərbaycanda 1918-ci ildə Şərq aləmində ilk dəfə dünyəvi və demokratik dövlətin qurulduğu haqda məlumat verilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın SSRİ tərkibində, daha sonra isə müstəqil dövlət kimi uğurlu inkişafı haqda danışılıb.
Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Havana kanalına müsahibəsində Novruz bayramının qeyd edilməsi ilə bağlı xalqımızın özünəməxsus adətlərindən bəhs edib. Diplomat ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixi və əldə edilmiş uğurlardan da söhbət açıb. Azərbaycan ilə Kuba arasında mədəni və siyasi əlaqələrin, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.
Verilişdə Azərbaycanın milli mətbəxinə xüsusi yer ayrılıb. Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkilinin xanımı Afət Salehova veriliş ərzində ölkəmizdə Novruz bayramının xüsusi şirniyyatları və onların simvolik mənaları haqda danışıb, şəkərbura, paxlava və Azərbaycanın milli yeməklərindən biri olan dolmanın hazırlanması qaydalarını nümayiş etdirib.
Qeyd edək ki, “Odlar Yurdu Azərbaycan” layihəsi çərçivəsində fevralın 21-dən başlayaraq hər çərşənbə axşamlarında Kubanın televiziya və radio kanalları vasitəsilə Azərbaycanda Novruz bayramının adətləri haqda davamlı reportajlar yayımlanıb.