CƏMİYYƏT
Helsinkidə yaşayan azərbaycanlılar tarixi Qələbəmizi qeyd ediblər
Bakı, 16 noyabr, AZƏRTAC
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və erməni terrorunun qurbanı olan mülki şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən Ü.Cabbarova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Qələbə bütün dünya azərbaycanlılarını, o cümlədən Finlandiyada yaşayan soydaşlarımızı çox sevindirir.
Qeyd olunub ki, Finlandiyadakı Azərbaycan diasporu hər zaman erməni yalanlarını ifşa etmək və Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün əllərindən gələni əsirgəməyib, bundan sonra da Azərbaycanın milli-mənəvi dəyərlərinin, Qarabağın turizm potensialının, tarixi-mədəni sərvətlərinin təbliği istiqamətində davamlı işlər aparacaq.