İDMAN
Həmyerlimiz Beynəlxalq Boks Federasiyasının dörd büro üzvündən biridir
Bakı, 27 dekabr, AZƏRTAC
Beynəlxalq Boks Federasiyası (AİBA) Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova böyük etimad göstərib.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz bundan sonra beynəlxalq qurumun büro üzvü kimi də fəaliyyət göstərəcək. Təşkilatın ali qurumu hesab edilən büroda dörd nəfər təmsil olunur: Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AİBA-nın vitse-prezidenti Kelani Bayor, İcraiyyə Komitəsinin üzvü Pet Flakko və Süleyman Mikayılov. Büro üzvləri 4 il müddətinə seçiliblər. Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır.
AİBA prezidenti Çinq Ko Vunun Süleyman Mikayılova bununla bağlı ünvanladığı məktubda deyilir: “Boksun inkişafında göstərdiyiniz xidmətə görə, sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz”.