CƏMİYYƏT
“Hər ailə ağac əksin” aksiyası Binəqədi, Mehdiabad, Zığ və Qalada davam etdiriləcək
Bakı, 10 noyabr, AZƏRTAC
Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” şüarı altında başlanan aksiya noyabrın 12-də Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin və Mehdiabad qəsəbəsi icra nümayəndəliyinin qarşılarında saat 11:00-dan 13:00-dək, Zığ qəsəbəsində icra nümayəndəliyinin, Qalada isə Qala bələdiyyəsinin qarşılarında saat 13:00-dan 15:00-dək keçiriləcək. Tədbir çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.