REGİONLAR
Hər bir Azərbaycan vətəndaşı ordumuzun bugünkü qüdrəti ilə haqlı olaraq qürur hissi keçirir
Göyçay, 26 iyun, AZƏRTAC
İyunun 26-da Göyçay şəhərindəki Əli Kərim adına parkda Azərbaycan Silahlı Qüvvələri Günü təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin abidə-kompleksinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən güclü ordu olduğunu vurğulayıblar. Qeyd edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş qabiliyyəti daim güclənən ordumuz düşmənə hər an cavab verməyə hazırdır.
Bildirilib ki, hər bir Azərbaycan vətəndaşı ordumuzun bugünkü qüdrəti ilə haqlı qürur hissi keçirir.