DÜNYA
Həsən Ruhani: “Sepah”ın nüfuzu daha da artacaq
Tehran, 9 aprel AZƏRTAC
Bu gün Tehranda Beynəlxalq Nüvə Texnologiyası Günü ilə əlaqədar olaraq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Həsən Ruhani çıxış edərək regionda baş verən hadisələrə münasibət bildirib. Prezident qeyd edib ki, heç bir dövlət nüvə ilə əlaqədar İranda aparılan elmi araşdırmanın qarşısını ala bilməz. İran bütün beynəlxalq qanunlara riayət edərək Qərb dövlətləri ilə əldə edilən razılaşmaya sadiqdir. Təəssüf ki, ABŞ yenə də beynəlxalq qanunlara biganə yanaşaraq BMT-nin də təsdiq etdiyi razılaşmanı pozaraq İrana qarşı qanunsuz və ədalətsiz sanksiyalar tətbiq etdi.
Prezident H.Ruhani ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) xarici terror təşkilatları siyahısına salmasını da kəskin tənqid edib. Qeyd olunub ki, bununla ABŞ regionda məğlubiyyətə uğramasını gizlətməyə çalışır. Terrorçulara qarşı mübarizə aparan “Sepah”ı terror təşkilatları siyahısına salmaq terroru dəstəkləmək deməkdir.
H.Ruhani nəzərə çatdırıb ki, regionda yaşayan xalqlar “Sepah”ın terrora qarşı mübarizəsinin şahidi olublar. Odur ki, ABŞ-ın “Sepah”ı terror təşkilatları siyahısına salması onun nüfuzunu daha da artıracaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran