REGİONLAR
Həyatı təhlükədə olan hamilə qadın və körpəsi həkimlərin səyi nəticəsində xilas edilib VİDEO
Quba, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Həyatı təhlükədə olan 37 yaşlı hamilə qadın və körpəsi Quba Regional Perinatal Mərkəzində həkimlərin səyi nəticəsində xilas edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hamiləliyinin 34-35-ci həftəliyində olan Xaçmaz rayonu Qusarçay kənd sakini Amanə Məmmədova Mərkəzə uşaqlıqda ağrılı çapıq diaqnozu ilə daxil olub. Ultrasəs müayinəsi (USM) zamanı ciftin çapığa birləşməsi aşkar edilib. Ananın həyatı üçün təhlükəli vəziyyət nəzərə alınaraq dərhal əməliyyat olunmasına qərar verilib.
Əməliyyat Quba Regional Perinatal Mərkəzin, Quba Rayon Mərkəzi Xəstəxanasının və Səhiyyə Nazirliyinin sanaviasiya xidmətinin cərrahları tərəfindən birgə həyata keçirilib.
Həkimlərin göstərdikləri yüksək peşəkarlıq nəticəsində ananın həyatını xilas etmək mümkün olub. Reanimasiya tədbirləri nəticəsində doğulan qız uşağını da həyatda saxlamağa müvəffəq olan həkimlər vəziyyəti dəyərləndirərək müasir müalicə metodu tətbiq ediblər. Passiv hipotermiya üsulu ilə körpənin bədən hərarəti 33-34 dərəcəyədək endirilərək, uşağa tənəffüs dəstəyi verilib. Hazırda körpə sərbəst nəfəs alır, aktiv qidalanır və çəkisini artırır. Həm uşağın, həm də ananın vəziyyətləri qənaətbəxşdir. Bu, Amanə Məmmədovanın altıncı hamiləliyidir.
Quba Regional Perinatal Mərkəzinin baş həkimi Şəhla Həsənova bildirib ki, mərkəzdə yaradılan şərait problemli doğuşlar zamanı əksər hallarda yüksək nəticə əldə etmək imkanını artırır. Müasir avadanlıqlarla təmin olunan mərkəzdə yeni müalicə metodlarının tətbiqi sayəsində erkən neonatal ölümün 3 dəfəyədək azalmasına nail olunub. Azərbaycanda qəbul edilən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramı çərçivəsində Quba Regional Perinatal Mərkəzi də bütün doğuşayardım tibb müəssisələri kimi müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib.