CƏMİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatlarına başlanılıb VİDEO

Bakı, 26 avqust, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə qüsuru olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək. Anadangəlmə və qazanılmış eşitmə qüsurlu bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarındadır.

Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsuru olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Qulağın xarici hissəsinə isə səslərin elektrik impulslara çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulslarla stimullaşdırılması baş-beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.

Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasının daha səmərəli olduğunu qeyd edirlər.

Xatırladaq ki, 2015-ci ildə Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramı həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.