MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın sərgisi açılıb

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ölkəmizlə Fransa arasında əlaqələrin gündən-günə inkişaf etdiyini bildirib. Qeyd edib ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən bir çox layihələr həyata keçirilir. Vurğulayıb ki, Heydər Əliyev Mərkəzində artıq Fransanın Bernar Buffe və Lorens Cenkellin kimi tanınmış heykəltəraş və rəssamlarının incəsənət əsərləri təqdim olunub.

Sərginin kuratoru Mark Haşim belə bir möhtəşəm məkanda– Heydər Əliyev Mərkəzində Mauro Kordanın əsərlərini təqdim etmək üçün yaratdığı xoş fürsətə görə təşkilatçılara təşəkkürünü bildirib.

“İnanıram ki, bu incəsənət əsərləri ilə tanışlıq sizin böyük marağınıza səbəb olacaq, onları bir növ özünüz üçün kəşf edəcəksiniz”, - deyə sərginin kuratoru qeyd edib.

Sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Mauro Korda nümayiş olunan əsərləri haqqında məlumat verib. Bildirib ki, təqdim olunan incəsənət əsərləri bütün hissləri hərəkətə gətirən sənət nümunələridir. Bu əsərlər davamlı, ideyalara əsaslanan fransız heykəltəraşlığının nümunələridir.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.

Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.