İQTİSADİYYAT
Heydər Əliyev adına neft emalı zavodunda ictimaiyyətlə görüş keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, NEZ-in modernləşdirmə və yenidənqurma işləri üzrə direktor müavini Rasim İbrahimov müəssisədə həyata keçiriləcək modernləşdirmə və yenidənqurma işləri barədə məlumat verib. Sonra ƏMTQ sənədinin müxtəlif aspektləri barədə çıxışlar olub.
Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində tikiləcək bitum qurğusunun inşası, onun məqsədi və istismarı dövründə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də monitorinq barədə iştirakçılara məlumat veriblər.
SOCAR, Heydər Əliyev adına NEZ, Nizami və Xətai rayon İcra hakimiyyətləri və bələdiyyələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə səslənən rəy və təkliflər müzakirə edilib, suallar cavablandırılıb.