CƏMİYYƏT
“Heydər Əliyev ölkəmizdə sülh və əmin-amanlığın banisidir” mövzusunda onlayn toplantı keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Salyan Rayon Gənclər və İdman İdarəsi və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Heydər Əliyev ölkəmizdə sülh və əmin-amanlığın banisidir” mövzusunda onlayn toplantı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülhün hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, sülh - həyat, yaşamaq, sağlam nəsillər deməkdir. Bütün bunların cəmi dünyada davamlı inkişaf, əməkdaşlığı ehtiva edir. Azərbaycanda sülhün bərqərar olunması isə regionda davamlı sülhün təmin olunması deməkdir.
Bildirilib ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.