ELM VƏ TƏHSİL


Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri müzakirə olunacaq

Bakı, 31 yanvar, AZƏRTAC

May ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” mövzusunda dəyirmi masa keçiriləcək.

İnstitutun tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva AZƏRTAC-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın ictimai mədəni həyatında əlamətdar hadisədir. Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılması baxımından böyük rol oynayıb. Həmin dövrdən etibarən İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. “Nəsimi ili” çərçivəsində institutda keçiriləcək “Heydər Əliyev və İmadəddin Nəsimi irsinin tanıdılması məsələləri” adlı dəyirmi masada tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova “Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsimi haqqında yaradılan əsərlər”, tarix üzrə elmlər doktoru Qasım Hacıyev “Nəsiminin Hələb şəhərindəki qəbrini ziyarətlə bağlı xatirələrim”, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov “Nəsimi irsi və müasirlik” adlı məruzələrlə çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.