ELM VƏ TƏHSİL


“Heydər Əliyevin təhsilə verdiyi töhfələr” mövzusunda videokonfrans təşkil olunub

Bakı, 8 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” mövzusunda videokonfrans keçirib. Konfransda ilk olaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx təqdim edilib.

Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, videokonfransda çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycanda təhsilin beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatların müstəsna rolundan bəhs edib. O, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının mühüm olduğunu diqqətə çatdırıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü Emil Xəlilov “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” mövzusunda çıxış edib. O, çıxışında qeyd edib ki, təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir.

Agentliyin Keyfiyyət təminatı departamentinin direktoru Lalə Abasova ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ulu Öndərin ən böyük hədəfinin gələcəyə ümidlə baxan savadlı, müasir düşüncəli və milli dəyərləri yaşadan vətəndaşlardan ibarət bir dövlət qurması olduğundan bəhs edib.

Tədbir iştirakçıları Ulu Öndərin uzaqgörən siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün də təhsil sahəsinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.