REGİONLAR
Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurulub
Kürdəmir, 14 iyun, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları, Vətən müharibəsində döyüşən qazilər və hərbçilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə iştırakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə tər qızılgüllər düzdülər. Tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağəli Kərimli çıxış edərək iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib, ölkəmizin məhz Heydər Əliyev qüdrətindən güc alaraq bütün çətinlikləri və problemləri dəf etdiyini, demokratik, hüquqi və dünyəvi dövlət qurduğunu, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir. Natiq vurğulayıb ki, memarı ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla irəliləyir.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Aprel şəhidi Əbubəkr İsmayılovun anası Rəna İsmayılova, şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva və hərbçilər çıxış edərək xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik etdilər.
Tədbirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “İstedad” baxış – müsabiqəsinin rəsm nominasiyası üzrə qaliblərinin əsərlərindən ibarət sərgiyə tamaşa edən iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə də tanış oldular. “İstedad” baxış – müsabiqəsinin musiqi və bədii qiraət nominasiyaları üzrə qaliblərinin və rayonun incəsənət ustalarının iştirakı ilə keçirilən bədii hissədə Azərbaycana, Qarabağa, ulu öndər Heydər Əliyevə, şanlı qələbəmizə həsr edilən mahnılar səsləndirilib.
Sonda müsabiqə qaliblərinə fəxri fərman və qiymətli hədiyyələr verilib.