MƏDƏNİYYƏT
Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti Qobustan Qoruğundan xoş təəssüratla ayrılıb VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycana səfərə gələn Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.
Məlumat verilib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərəqədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd edilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb.
Qonaqlar Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.