REGİONLAR
Hindistan səfiri: Naxçıvanda sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir
Naxçıvan, 4 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir. Bir sözlə, Naxçıvan iqtisadiyyatı gündən-günə güclənir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana söyləyib.
Sanjay Rana səfərinin məqsədi barədə danışaraq deyib: “Səfərimin əsas məqsədi əlaqələrimiz inkişaf etdirmək, mədəni, təhsil, iqtisadi sahələrdə əlaqələrin stimullaşdırılmasına şərait yaratmaqdır. Biz bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafını istəyirik”.
Səfir muxtar respublikadakı bütün tarixi abidələrin mükəmməl şəkildə bərpa edildiyini də vurğulayıb. Onun ən çox diqqətini çəkən isə Əlincəqala tarixi abidəsi olub. Çünki yüksəklikdə yerləşən bu abidənin bərpası hər bir insanda təəccüb doğurur. “İlk dəfədir ki, Əlincəqalanı ziyarət edirəm. Çox qədim tarixə malik olan qalaya yeni həyat verilib və bərpa edilib. Bura çox maraqlı bir yerdir və turistlərin qədim tarix, möhtəşəm mənzərə görməsi üçün ideal bir məkandır. Çox şadam ki, ailəmlə bura gəlmək mənə qismət oldu. Pillələrlə qalxmaq insana ayrıca bir zövq verir. Göstərilən diqqətə və xoş qarşılanmaya görə minnətdarlığımı bildirirəm”, - deyə hindistanlı diplomat vurğulayıb.