DÜNYA
Hindistanda ötən sutka COVID-19-a 332 min yoluxma aşkarlanıb
Pekin, 23 aprel, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 332 min 730 yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 2263 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.
Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 16 milyon 626 min yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı isə 186 min 920-dir. Hazırda ölkədə 2 milyon 428 min aktiv xəstə var.
Bir aydan çoxdur ki, Hindistanda virusa yoluxma halları sürətlə artır. Mütəxəssislər bu məsələdə Hindistanda COVID-19-un 3 müxtəlif ştammının birləşməsindən yaranan üçqat mutasiyasının ciddi rol oynadığını düşünürlər. Maharaştra, Qərbi Benqal ştatlarında və paytaxt Dehlidə rast gəlinən koronavirusun daha yoluxucu ştammı çox sürətlə yayılır.
Paralel olaraq Hindistanda COVID-19 virusuna qarşı vaksinasiya da aparılır. İndiyədək əhaliyə 135 milyon doza peyvənd vurulub.
Qeyd edək ki, Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar, Braziliya və Meksikanın ardından 4-cü sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin