DÜNYA
Honkonqda yanan binandan 1200-dək insan təxliyə olunub VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Honkonqdakı Dünya Ticarət Mərkəzində baş verən yanğın nəticəsində xəsarət alanların sayı 14 nəfərə yüksəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, göydələndən insanların təxliyə olunması üzrə əməliyyat başa çatıb və xilasedicilər indiyə qədər 1269 nəfəri binadan çıxarıb.
Yanğın Honkonq adasının Kozuey-bey rayonunda yerləşən Dünya Ticarət Mərkəzinin (World Trade Center) binasında nahar fasiləsi zamanı baş verib. Yanğından sonra yüzlərlə insan binanın yuxarı mərtəbələrini tərk edə bilmirdi.
Qeyd edək ki, 38 mərtəbəli göydələndə mağaza və restoranların olduğu ticarət mərkəzi və ofislər yerləşir. Binanın yeraltı avtomobil dayanacağından beşinci mərtəbəyə qədər təmir işləri aparılır. Yanğının dəqiq səbəbləri hələ bilinməsə də onun birinci mərtəbədəki texniki otaqda baş verdiyi güman edilir.