DÜNYA
Hulusi Akar: Bütün tarixi məlumatlar 1915-ci ildə “soyqırımı”nın törədilmədiyini aşkar şəkildə göstərir
İstanbul, 3 may, AZƏRTAC
“Erməni soyqırımı” qətiyyən olmayıb. Tarix bunu açıq və aydın şəkildə göstərir. Siyasətçilər tarixlə məşğul olmamalıdırlar. Bütün tarixi məlumatlar, sənədlər, şahidlər və tapıntılar 1915-ci ildə belə bir hadisənin baş vermədiyini çox açıq şəkildə göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pənçə-Şimşək və Pənçə-İldırım antiterror əməliyyatları çərçivəsində hava hücumlarının idarə edildiyi Əskişəhərdəki Döyüş Hava Qüvvələri Komandanlığında verdiyi açıqlama zamanı bildirib.
Hadisələri təhrif etməklə tarixi dəyişdirəcəklərini düşünənlərin səhvə yol verdiklərini vurğulayan Akar bunu qəflət və cəhalət adlandırıb. “Amerikalıların “soyqırımı” ilə bağlı açıqlaması öz tarixlərini, razılaşmalarını, müqavilələrini və imzalarını inkar etmək deməkdir. ABŞ-ın NARA adlı məşhur milli arxivi var. O arxivdə mövzu ilə əlaqədar bir çox material mövcuddur. Həmin materiallarda göstərilir ki, 1920-ci ildə amerikalılar və ingilislər 1914-1915-ci illər hadisələrinə dair hesabatlarda qeyd ediblər: “Türklər və ermənilər 500 ildir birlikdə yaşayırlar, müdaxilə etməsək, bu gedişatı pozmasaq, onlar daha 500 il birlikdə yaşayarlar”.
Bundan əlavə, Pənçə-Şimşək və Pənçə-İldırım antiterror əməliyyatları barədə danışan nazir əməliyyatlar zamanı daha yeddi terrorçunun məhv edildiyini, bununla da zərərsizləşdirilən terrorçuların ümumi sayının 53-ə çatdığını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul