Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu

Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 18 avqust tarixli Fərmanı ilə
təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir.

1.2. Dövlət reyestrindən elektron çıxarışı dövlət reyestrində saxlanılan məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) Azərbaycan Respublikasının dövlət dilində tərtib edir.

1.3. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) bu sənədlə müəyyən edilən məzmunda verilir.

1.4. Dövlət reyestrindən elektron çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin onu elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.

2. Dövlət reyestrindən elektron çıxarışda göstərilən məlumatlar

2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir:

2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;

2.1.2. Dövlət Xidmətinin adı;

2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1.fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2.hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması);

2.1.4. daşınmaz əmlakın növü;

2.1.5. daşınmaz əmlakın ünvanı;

2.1.6. daşınmaz əmlakın mülkiyyət növü;

2.1.7. daşınmaz əmlak üzərində hüququn növü;

2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə);

2.1.9. torpaq sahəsinin mülkiyyət növü;

2.1.10.torpaq sahəsi üzərində hüququn növü;

2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri);

2.1.12.torpaq sahəsinin ölçüsü (hektarla);

2.1.13.daşınmaz əmlakın dövlət reyestr nömrəsi;

2.1.14.daşınmaz əmlakın qeydiyyat nömrəsi;

2.1.15.daşınmaz əmlakın qeydiyyat tarixi;

2.1.16.daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı;

2.1.17.reyestr kitabının və onun vərəqinin nömrəsi;

2.1.18.dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

2.2.Digər hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən elektron çıxarışda bu sənədin 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.11-ci, 2.1.13-cü, 2.1.17-ci və 2.1.18-ci yarımbəndlərində göstərilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:

2.2.1. xeyrinə hüquqlar qeydiyyata alınan şəxs (şəxslər) haqqında məlumat:

1.fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2.hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması);

2.2.2. daşınmaz əmlakın mülkiyyətçisi və ya hüququ yüklü edilən digər şəxs (şəxslər);

2.2.3. üzərində hüquqlar qeydiyyata alınan daşınmaz əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü – hektarla, digər daşınmaz əmlakın ölçüsü – kvadratmetrlə);

2.2.4. qeydiyyata alınan hüququn növü və müddəti;

2.2.5. əsas öhdəliyin mahiyyəti və icra müddəti (olduqda);

2.2.6. daşınmaz əmlak üzərində qüvvədə olan digər hüquqlar (olduqda).

2.3.İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə rəsmiləşdirildikdə, ipotekanın dövlət qeydiyyatı zamanı dövlət reyestrindən elektron çıxarışda bu barədə məlumat göstərilir.

2.4.Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin