SİYASƏT
İAK-ın sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İsveçin İctimai Radiosuna müsahibə vermişdir
Bakı, 28 oktyabr (AZƏRTAC). İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzoyev İsveç Krallığının İctimai Radiosuna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibə vermişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, E.Mirzoyev müsahibəsində Azərbaycanın hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə səy göstərdiyini bildirmişdir.
İAK sədri İsveçin bəzi mətbu orqanlarında yazılanların əksinə olaraq, Azərbaycanda ermənilərə qarşı hansısa etnik təmizləmənin aparılmadığını diqqətə çatdırmışdır. E.Mirzəyev demişdir: “Statistikaya görə, Azərbaycanda 30 min erməni heç bir narahatlıq hissi keçirmədən yaşayır. Əksinə, erməni ailələri və əsgərləri könüllü olaraq Azərbaycan ərazisinə keçirlər”.
Konqresin sədri İsveçin bəzi mətbu orqanlarının Dağlıq Qarabağ probleminə qeyri-obyektiv və ədalətsiz mövqedən yanaşmasına etirazını bildirmişdir. O, erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağın dinc əhalisinə qarşı zorakılığın, orada yaşayan azərbaycanlılara və kürdlərə qarşı etnik təmizləmə kampaniyasının aparıldığını xatırlatmış, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə, BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayaraq, Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır.
E.Mirzoyev İsveçdəki erməni icmasının Azərbaycanda digər dinlərin nümayəndələrinin zorla islamlaşdırılmasına dair yaydıqları məlumatlara da kəskin etirazını ifadə etmişdir. İAK sədri demişdir: “Azərbaycan dünyanın ən tolerant ölkələrdən biridir. Ölkədə pravoslav və katolik kilsələri, sinaqoqlar fəaliyyət göstərir. İşğal olunmuş Azərbaycan ərazilərində bütün məscid və müsəlman qəbiristanlıqlarının ermənilər tərəfindən dağıdılmasına baxmayaraq, Bakının mərkəzindəki erməni kilsəsi qorunub saxlanılır”.
E.Mirzoyev İsveçdə fəaliyyət göstərən KİV-ləri regiondakı hadisələrə obyektiv və ədalətli qiymət verməyə çağırmış, Dağlıq Qarabağ münaqişəsinə dair informasiyanın təhrif olunmasının azərbaycanlı gənclərin gələcəkdə İsveç cəmiyyətinə inteqrasiyasına mənfi təsir göstərəcəyini bildirmişdir.