DÜNYA
ICESCO COVID-19 pandemiyası ilə əlaqədar Afrika icmalarının dillərində müraciətlər yayıb
Qahirə, 4 iyun, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) “Afrika dilləri mədəniyyətə və tarixə olan körpüdür” proqramı çərçivəsində “YouTube” sosial şəbəkəsi vasitəsilə COVID-19 pandemiyasına qarşı Afrika xalqlarını maarifləndirir.
AZƏRTAC xəbər verir ki, təşkilat öz müraciətlərini yerli icmaların dillərinə tərcümə edərək yayıb.
ICESCO-nun maarifləndirici materialları housa, svahili, mandinqo, fulani, volof, fur və nubian dillərində yayılıb. Müraciətlər təşkilatın rəsmi saytındakı infoqrafiya bölməsində də yerləşdirilib.
Afrikanın mərkəzi və cənub regionlarında yaşayan icmaların yeni növ koronavirusa qarşı məlumatlandırılması məqsədilə İslam İnkişaf Bankı da ICESCO-ya maddi yardım göstərib. Bu vəsait kompüterlərin alınması və həmin ərazilərdə internetin təmin edilməsinə sərf edilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə