MƏDƏNİYYƏT
“İNSAN İZ QOYUR”
“Gənclik” nəşriyyatında istedadlı şairə Solmaz Əmənovanın “İnsan iz qoyur. Dünya incəsənətinin şah əsərləri” adlı yeni, üçüncü şerlər kitabı çapdan çıxmışdır. Əslində bu nəşr şerlə yazılmış qeyri-adi bədii albomdur. Görkəmli Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya və başqalarının, orta əsr miniatür ustası Sultan Məhəmmədin, Qərbi Avropa sənətçilərinin, müasir fırca ustalarının, fotoqrafların əsərlərinin reproduksiyaları şəkillərin qəhrəmanlarına həsr edilmiş və ya rəsmlərin məna çalarını açan şerlərlə növbələnir. “Rəssam və Prezident”, “Bəstəkar Fikrət Əmirov”, “Əgər Rostropoviç özü yazsaydi”, “İbrahimbəyov qardaşları” kimi şerlər müəllifin şəksiz iştedadından xəbər verir. O, yaradıcılığında doğma torpağın, onun insanlarının gözəlliyini vəsf edir.
R.Mustafayev adına İncəsənət muzeyinin direktoru, xalq rəssamı, professor İbrahim Zeynalov, Azərbaycanın və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, Bakı Slavyan Universitetinin professoru Cingiz Bədəlov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə kitaba rəy yazmışlar.
Zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçin gəlişi münasibəti ilə fevralın 28-də Bakıda keçirilmiş şənliklərdə Solmaz Əmənovanın kitabı məhşur həmvətənimizə təqdim olunmuşdur.