DÜNYA
İQLİMİN İSTİLƏŞMƏSİNƏ VƏ QASIRĞALARA GÖRƏ YAPONİYANIN QƏRB HİSSƏSİ DAŞQINLAR TƏHLÜKƏSİ QARŞISINDADIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bu, Təbii Fəlakətlərin Qarşısının Alınması Milli İnstitutunun apardığı tədqiqatların nəticələri ilə təsdiqlənir.
Alimlər son 30 ildə ölkənin qərb akvatoriyasında okeanın səviyyəsinin daim artdığını qeydə alırlar. Burada havanın hərarətinin artması nəticəsində su genişləndiyi üçün okeanın səviyyəsi, orta hesabla, 7 santimetr qalxmışdır.
Hazırda bəndlər və sədlər sahilboyu zonanı daşqınlardan və qasırğalardan qoruyur. Lakin ekspertlərin fikrincə, tez-tez təkrarlanan qasırğalar vəziyyəti kəskin surətdə pisləşdirə bilər.
Vəziyyətin modelləşdirilməsi nəticəsində məlum olmuşdur ki, təbii fəlakət ölkənin qərbindəki sahilyanı bəndləri dağıdarsa, Osaka körfəzi yaxınlığında milyonlarla insanın yaşadığı böyük ərazi, Naqoya şəhəri ətrafında daha bir iri sənaye mərkəzi, habelə Küsü adasının şimal sahili suyun altında qalacaqdır.
Bu il Yaponiyanın məruz qaldığı tropik qasırğaların sayı rekord həddə çatmışdır. Ölkənin bütün sahilboyu zonasında çoxsaylı dağıntılar törətmiş 10 qasırğa qeydə alınmışdır. Bundan əlavə, avqustda nəhəng dalğaların Kanaqava prefekturasında bəndi uçurması nəticəsində 3 min evi suya qərq olmuşdur.