İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ ANTİİNHİSAR SİYASƏTİ DEPARTAMENTİNİN MƏLUMATI
Departamentin haqsız rəqabətlə mübarizə və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar apardığı bazar araşdırmaları nəticəsində rəqibin təsərrüfat fəaliyyətinin təqlidinin daha çox yayıldığı müəyyənləşdirilmişdir. Araşdırmalar zamanı “Mars İnkorporated” şirkətinin əmtəə nişanlarının xarici görünüşü tərtibatından (“Tvix”, “Snikers”) qanunsuz istifadə edilməsi, “Lotterey İnternational” şirkətinin “Al-Afram” əmtəə nişanının qanunsuz təqlidi, “Bolşevik” fabrikinin “Priçuda” əmtəə nişanının təqlidi, “Marlboro”, “Viceroy” və “Conqress” siqaretlərinin qeyri-qanuni reklamı kimi hallar aşkar edilmişdir. Bununla bağlı, departament tərəfindən haqsız rəqabətlə mübarizə və bu sahədə qanun pozuntularının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Ötən il ərzində haqsız rəqabət üsullarının tətbiqi nəticəsində yol verilmiş qanun pozuntusu ilə əlaqədar 9 hal araşdırılmışdır.
Departament saxta və keyfiyyətsiz, həmçinin əsas istehsalçıların təqlidi yolu ilə malların istehsalının və satışının qarşısının alınması sahəsində tədbirlər görülməsi məqsədi ilə 94 ticarət, ictimai iaşə və məişət xidməti obyektində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanunlarına və “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”na riayət olunmasının vəziyyətini araşdırmışdır. Araşdırmalar zamanı yoxlanılan obyektlərdə aşkar olunmuş qanun pozuntuları əsasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 15 halda sertifikatlaşdırılmamış məhsul satışdan çıxarılmış, 5 halda isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun və “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulmasına yol verildiyi üçün yoxlanılan obyektlərə (fiziki və hüquqi şəxslərə) iş qaldırılmışdır. Qanun pozuntularının aradan qaldırılması ilə bağlı 14 təsərrüfat subyektinə göstəriş verilmişdir. “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın tələblərinin pozulması ilə bağlı 48 halda akt tərtib edilmiş və ticarət subyektlərinə xəbərdarlıq edilmişdir.