DÜNYA
İRAN MÜDAFİƏ NAZİRİNİN BƏYANATI
İran İslam Respublikasının indiki gücünü nəzərə alaraq, heç bir qüvvə Fars körfəzindən İranın içərilərindəki obyektlərə hücum üçün ön mövqe kimi istifadə etməyə qadir deyildir. AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, İranın müdafiə naziri, vitse-admiral Əli Şəmxani bu bəyanatı Fars körfəzindəki Kiş adasında dəniz sərvətlərindən istifadəyə dair beşinci sənaye sərgisinin açılış mərasimində vermişdir.
Nazir nəzərə çarpdırmışdır ki, İran dənizdə döyüş əməliyyatları aparmaq təcrübəsinə malikdir və müasir silahlar sayəsində düşmənin hər hansı təcavüzkar planlarını dəf etməyə qadirdir. Şəmxani demişdir ki, İran sülhsevər ölkədir. İranlıların özləri İraqla səkkizillik müharibədən, eləcə də terror aktlarından zərər çəkmişlər. Ona görə də “sülhü qoruyub saxlamaq məqsədi ilə ölkəmizin müdafiə qüdrətini möhkəmlətməyə və bunun üçün bütün müasir texniki nailiyyətlərdən istifadə etməyə məcburuq”.