DÜNYA


İŞİD qruplaşması Əfqanıstanda aktivliyini artırır

Bakı, 26 oktyabr, AZƏRTAC

İŞİD qruplaşması Əfqanıstanın mərkəzi hissəsində yerləşən Uruzqan əyalətində mövcudluğunu elan edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, İŞİD bayrağı Deh Rahvud rayonunun müxtəlif kəndlərində daha çox görünməyə başlayıb. Həmin rayonda yerləşən Dehzanq kəndi qruplaşmanın mərkəzinə çevrilib. Avqust ayında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda hakimiyyətə yiyələnən “Taliban” hərəkatı bu xəbərlərə hələlik şərh verməyib.

Eyni zamanda, Əfqanıstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Kari Fasihuddin Fitrət Bədəxşani ölkənin şimalında İŞİD qruplaşmasının dörd üzvünün həbs olunduğunu bildirib. Əfqanıstan nümayəndələr palatasının müdafiə məsələləri üzrə komitəsinin sabiq sədri Mir Heydər Əfzəlinin sözlərinə görə, İŞİD-in “Vilayət Xorasan” qolu ölkənin şimalında öz mövqelərini gücləndirməyə çalışır.

Ekspertlər İŞİD qruplaşmasının aktivliyinin artmasını taliblərin azadlığa buraxdığı məhbuslar arasında hərəkat üzvlərindən başqa xeyli sayda İŞİD üzvlərinin olması ilə izah edirlər.

Qeyd edək ki, “Taliban” hərəkatının hakimiyyətə gəldiyi avqust ayından bəri ölkədə törədilən bir neçə qanlı terror aktının məsuliyyətini İŞİD üzərinə götürüb. Qunduz və Qəndəhar əyalətlərində şiə məscidlərinə edilən son hücumlar nəticəsində yüzdən çox insan həlak olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.