CƏMİYYƏT
İcarəyə verilmiş meşə fondu torpaqlarında aparılan monitorinqlər nəticəsində 9 müqavilə ləğv olunub
Bakı, 20 aprel, AZƏRTAC
Meyvə bağı salınması məqsədilə icarəyə verilmiş meşə fondu torpaqlarında aparılan monitorinqlər nəticəsində 2020-2021-ci il ərzində 692 hektar ərazi üzrə 9 müqavilə ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Xidmət rəisi qeyd edib ki, meşə fondu torpaqları iki istiqamətdə icarəyə verilir: turizm-rekreasiya və meşəbərpa tədbirlərinin aparılması məqsədilə. Meşəbərpa tədbirlərinin aparılması üçün icarəyə verilmədə məqsəd həmin ərazilərdə, yəni meşə fondu torpaqlarında yaşıllıqların salınmasıdır. Ümumiyyətlə icarə müqaviləsinin şərtləri yerinə yetirilmədikdə və ya düzgün icra olunmadıqda həmin müqavilə ləğv olunur. Bununla əlaqədar olaraq mütəmadi şəkildə monitorinqlər aparılır. Növbəti monitorinqin mayda keçirilməsi planlaşdırılır”.