CƏMİYYƏT
İki nəfərin ölümü ilə nəticələnən qəza törətməkdə şübhəli bilinən sürücü istintaqa cəlb olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də saat 10 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlunu və Bayramov Rasim Vüqar oğlunu vurub.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, nəticədə hər iki şəxs aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.
Fakta görə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.