ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu növbəti maarifləndirici tədbirini Qazaxda təşkil edib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun təşkil etdiyi növbəti səfər Qazax rayonuna olub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülərək, dahi rəhbərin xatirəsi yad edilib.

Qazax Gənclər Mərkəzində keçirilən görüşdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək, onun inkişafına böyük önəm verdiyi vurğulanıb.

Aİİ-nin rektoru Ceyhun Məmmədov qeyd edib ki, dövlət başçısının yüksək diqqət və qayğısı ilə icra olunan dövlət proqramları təhsil sisteminin inkişafına, uğurlu nəticələrin qazanılmasına xidmət göstərir.

İnstitut haqqında məlumat verən Ceyhun Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradıldığını bildirib. O qeyd edib ki, institut Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb.

Aİİ-nin ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. O, Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürdüyünü vurğulayıb. Tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən söhbət açılıb, ali təhsil müəssisəsinin keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malik olduğu bildirilib. Qeyd edilib ki, dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik olan alimlər tərəfindən aparılır.

Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.