ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda seminar: İslam və mənəviyyat

Bakı, 14 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının təqdimatında “İslam və mənəviyyat” mövzusunda seminar təşkil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ-nin islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov ali təhsil müəssisəsində müxtəlif mövzularda ardıcıl təşkil olunan dəyirmi masaların, treninqlərin, seminarların, görüşlərin tələbələri maarifləndirmə məqsədi daşıdığını və böyük maraqla qarşılandığını qeyd edib. O vurğulayıb ki, mənəviyyat dedikdə insanın daxili aləmi nəzərdə tutulur. Gənclər cəmiyyətdə tutduğu mövqedən, peşəsindən, sənətindən asılı olmayaraq, faydalı işlər görməli, öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.

Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı “İslam və mənəviyyat” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, İslam dininin əsas məqsədi yüksək mənəviyyata və əxlaqi keyfiyyətlərə malik insanlar yetişdirməkdir.

Ən yüksək mənəvi dəyərləri özündə birləşdirən İslam dini insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. İslam dini hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.

Siracəddin Hacı cəmiyyətin milli düşüncə tərzinin formalaşmasında, insanlarımızın yüksək əxlaqi normalar çərçivəsində tərbiyə olunmasında adət-ənənələrimizin xüsusi rol oynadığını da diqqətə çatdırıb.

Seminarın sonunda Siracəddin Hacı tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.