İQTİSADİYYAT
İlin birinci yarısında Bakıda və regionlarda bir sıra müxtəlif təyinatlı obyektlər istifadəyə verilib
Bakı, 30 iyul (AZƏRTAC). Respublikada cari ilin birinci yarısında tikinti kompleksinə yönəldilmiş vəsait hesabına bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki,
həmin müddət ərzində 824,6 min kvadratmetr yaşayış sahəsi, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində milli konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, sağlamlıq mərkəzi, Milli Gimnastika Kompleksi və digər obyektlərin tikintisi başa çatdırılıb.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, gənclər mərkəzi, Sumqayıt şəhərində Kağız və Karton İstehsalat Kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, elektrik yarımstansiyası, Göygöl rayonunda olimpiya idman kompleksi, gənclər mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Palace Platinum By Rixos” oteli və digər obyektlər istifadəyə verilib.