REGİONLAR
İlin əvvəlindən Ağcabədidə süni mayalanma yolu ilə 1294 baş buzov alınıb
Ağcabədi, 6 iyul, AZƏRTAC
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə uğurla davam etdirilir.
Ağcabədi Rayon Kənd Təsərrüfatı İdarəsinin sektor müdiri Etibar Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin altı ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2334 baş inək və düyə süni yolla mayalandırılıb, 1294 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Cari ilin dörd ayı ərzində Ağcabədi rayonu üzrə 470 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış 620 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 62 min manat məbləğində subsidiya ödənilib. Son iki ayda doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilir.