REGİONLAR


İmadəddin Nəsimi Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin parlaq simasıdır

Füzuli, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

İmadəddin Nəsimi Azərbaycan klassik poeziyasını məzmun, ideya və yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin parlaq simalarından olan şairin irsi ədəbiyyat tariximizdə xüsusi mərhələ təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Füzuli Dövlət Dram Teatrında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə səsləndirilib. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, təhsil və mədəniyyət işçiləri, məktəblilər iştirak edib.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında 2018-ci il 15 noyabr tarixli Sərəncamı, eləcə də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması elmi və ədəbi ictimaiyyət tərəfindən ədəbiyyatımıza, mədəniyyətə olan diqqət kimi qiymətləndirilir.

Əhmədbəyli kənd tam orta məktəbin müəllimi Cəmilə Qənbərova şairin yaradıcılığı barədə məlumat verib. Sonra məktəblilər Nəsiminin qəzəllərini söyləyiblər. Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə göstərilən ədəbi-bədii kompozisiya və Nəsimi filmindən səhnələr maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları Nəsiminin həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.