REGİONLAR
İmişlidə bağlardan 10 min tondan çox məhsul yığılıb
İmişli, 19 dekabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 787,8 hektar meyvə bağından 10 min 73,2 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib. Bunun nəticəsində də bağlarda meyvə bol olub.
Rayon stastika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin ötən ayları ərzində imişlili bağbanlar meyvə bağlarından 10 min 38,8 ton meyvə tədarük ediblər. Tədarük olunan meyvənin 695,1 tonunu alma, 583,7 tonunu armud, 179,2 tonunu ərik, 421,6 albalı, 337,9 tonunu şaftalı, 558,3 tonunu gavalı, 612,5 tonunu alça, 82.3 tonunu gilas, 556,1 tonunu heyva, 5 min 266,2 tonunu nar, 477,2 tonunu xurma, 2,7 tonunu qoz və 447,4 tonunu sair meyvələr təşkil edib. Bağbanlar, həmçinin 61 ton giləmeyvə də tədarük ediblər.
Rayonun Şahverdilər, Göbəktala, Qaralar və Cavadxanlı kəndlərində fəaliyyət göstərən fermerlər meyvə yığımında fərqlənirlər. Hazırda meyvə yığımı sürətlə davam edir.